“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı !
28 May 2019-cu il tarixində “Azərbaycanın 7 möcüzəsi” layihəsinin təqdimat mərasimi baş tutdu. Məlum olduğu kimi, 2007-ci ildə keçirilən ümumdünya səsverməsi nəticəsində dünyanın yeni yeddi möcüzəsi açıqlanmış, bundan sonra bir çox ölkələr öz möcüzələrini seçmək üçün bu cür layihələri həyata keçirməyə başlamışdır. Beləliklə, Azərbaycan da öz möcüzələrini müəyyənləşdirmək məqsədilə belə bir layihəyə start vermişdir.
“Azərbaycanın 7 möcüzəsi” layihəsi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, mübahisəli və təhrif edilmiş faktları tarixi abidələr fonunda araşdırmaq, Azərbaycandakı tarixi, mədəni, eləcə də təbii obyektlərin tanıdılması və mühafizəsinə diqqət yönəltmək kimi mühüm məqamları qarşısına məqsəd qoymuşdur.
“Azərbaycanın 7 möcüzəsi” layihəsi izləyicilər tərəfindən olduqca böyük maraqla qarşılandı. İstifadəçilərin Yeddi.az saytındakı səsvermədə iştirak etmələri ilə birlikdə, möcüzə hesab etdikləri abidələri bizimlə bölüşmələri də olduqca təqdirəlayiqdir.
“İDEA” İctimai Birliyi və “Nature and History Production” tərəfindən həyata keçirilən “Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi artıq başa çatdı. Keçirilən səsvermə nəticəsində namizədlər siyahısından 25 finalçı obyekt müəyyən olundu.
Noyabr ayında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin ikinci mərhələsinə başlanılacaq. Bu mərhələdə alimlərin, tədqiqatçıların və ekspertlərin iştirak etdiyi televiziya layihəsinə start veriləcək. 25 həftə ərzində davam edəcək verilişlərin hər biri, seçilmiş finalçı obyektlərdən birinə həsr olunacaq.
28 May 2019-cu il Respublika günündə start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsi, 28 May 2020-ci il tarixində başa çatacaq. Həmin tarixdə səsvermə nəticəsində 25 namizəddən 7 qalib seçiləcək. Beləliklə, “Azərbaycanın 7 möcüzəsi” adına layiq görülən abidələr ictimaiyyətə elan olunacaq.
möcüzəsi
