Bizi izləyin:

Siemens körpüləri

Siemens qardaşları tərəfindən 1879-cu ildə Zaqafqaziyada istehsalı artırmaq, xammal nəqlini asanlaşdırmaq üçün uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülərdir. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryolu dağlıq-dərəlik ərazilərdən keçdiyi üçün, yol üzərində daş körpülər inşa edildi. Bu körpülərin sayı 7 idi. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır. Salamat qalan körpülərdə isə, qismən dağılma müşahidə edilir. Bu körpülərdən ən məşhuru yerli sakinlər tərəfindən "Qanlı körpü" adlandırılır. Bu adın faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib. Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu körpü nadir memarlıq nümunəsidir.