Bizi izləyin:

Fərhad evi

 

“Fərhad evi” və ya “Ağ karvansara” Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında yerləşən arxeoloji abidədir. Fərhad evi liparit tuf qayada külüng tipli metal alətlə qazılmış 4 otaqdan ibarətdir. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılıb. Divarların dibində səki düzəldilib. Giriş qapısının hündürlüyü 2,20 metr, eni 1,3 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Qayanın şimal-şərq yamacının qədim karvan yolunun səviyyəsindən 2 metr hündürlükdə olan səki boyunca 3 sətirlik qədim yazı həkk olunub. Tədqiqatlar abidənin e.ə I minilliyin sonlarına aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılıb.